Friday, August 07, 2009

اورمييه ده سيلاحلي موناقيشه اعتيراضلارا سبب اولوب

میللی حرکت یکشنبه ۴ مرداد ۱۳۸۸:

ايراندا، اورميه شهرينده آذربايجانليلار اوستاندارين اينظيباتي بيناسي قارشيسيندا اعتيراض آکسيياسي کئچيرمه يه حاضيرلاشيرلار. سبب سون هفته آبش و آوروپا اؤلکه لري نين تئررورچو تشکيلاتلار سيياهيسيندا اولان پکک/پژاک قروپونون ياراقليلاري ايله پوليس آراسينداکي آتيشما، بوندان سونرا بؤلگه ده گرگينليگين آرتماسيدير. اورميه ده ياشايان ژورناليست ايسماعیل جوادي «ازادليق» راديوسونا بو هاقدا دانيشيب.


« اورمييه ده پکک- نين ايران قولو ساييلان پژاک (کوردوستان آزاد حيات پارتيياسي) ايله پوليس آراسيندا آتيشما اولوب. ياراقليلاردان گيزلنديکلري ائودن چيخيب تسليم اولمالاري ايسته نيليب. آما اونلار طلبله راضيلاشماييبلار. آخشام ساعات 7- ده باشلايان آتيشما اوچ ساعات داوام ائديب. رسمي معلوماتا گؤره، ياراقليلاردان اوچ نفر اؤلوب، بير نفر حبس اولونوب. آما غئيري-رسمي منبع لر اؤلنلرين سايي نين يئددي اولدوغونو دئييرلر. بير باشقا منبع ايسه اوچ نفر پوليسين ده اؤلدويونو بيلديرير. رسمي معلوماتلاردا ايسه دئييلير کي، قروپ عضولريندن اوچو تورکيه ده ياشاميش کوردلردير. اونلار ايران دؤولتينه قارشي موباريزه آپاريبلار».


ک ج ک- دن « احتيياطلي داورانيش » چاغيريشي


سيلاحلي موباريزه آپارديغيني پژاک دا گيزلتمير. قروپون وب-سايتيندا اونون حربي «نايليتلري» باره ده گئنيش معلومات وئريلير. اورميه ده کي اينسيدئنتي کوردوستان دئموکراتيک کونفئدئراسيياسي (ک ج ک) دا پيسله ييب. آما ک ج ک تئررورا سون قويماغا دئييل، احتياط لي داورانماغا چاغيريب. تشکيلاتين بياناتيندا بيلديريلير کي، « ايران دؤولتي نين داها چوخ سرحد خطينده عملياتلار کئچيرديگي زامان اورميه ده موناقيشه يه يول آچماق دوغرو دئييل. بيز هرکات اولاراق بونو دستکلمه ديگيميزي قئيد ائديريک». ک ج ک پژاک- اين داورانيشي نين آراشديريلماسيني و گوناهکارلارين مسئوليت داشيماسيني ايسته ييب.


پژاک نه ايستيير؟


«پژاک قربي آذربايجاندا ايران دؤولتي عليه اينه ساواش آپارير. اونلار ايراندا ياشايان کوردلرين اؤزگورلوگونو طلب ائديرلر. بو دا بؤلگه ده کي آذربايجانليلار آراسيندا نارازيليقلا قارشيلانير. چونکي اونلار اؤز خريته لرينده، نشرلرينده قربي آذربايجاني کوردوستان اراضيسي کيمي قلمه وئريرلر. حال بوکي بو بؤلگه ده ياشايان کوردلرين سايي چوخ آزدير… پژاک-اين ايران آذربايجاني نين باتي بؤلگه لرينه ايديعالاري وار. بو مقصدله سون ايللر اورميه ده،سولدوزدا (نقده)، خويدا، سالماسدا عملياتلار آپارير، دؤولتله ووروشورلار».


باتي آذربايجان مودافيعه کوميته سي


ايسماعيل جوادي دئيير کي، پژاک - اين بو ايستگي آذربايجانليلار آراسيندا اعتيراضلا قارشيلانير. حتّی گيزلي بير قوروم - باتي آذربايجان مودافيعه کوميته سي ده ياراديليب. جوادي دئيير کي، سون حاديثه دن سونرا ايسه ناراحات اولان آذربايجانليلار اعتيراض آکسييالارينا حاضيرلاشيرلار:


«بو ياشانانلار آذربايجانليلارين شيددتلي نارازيليغينا سبب اولوب. اورميه اوستاندارليغي نين بيناسي قارشيسيندا اعتيراض آکسيياسي کئچيرمک ايسته ييرلر. اونلار دؤولتدن تئررورچولارا تپکي گؤسترمه سيني ايسته ييرلر».


کورد آزليغي دا اعتيراضا قالخيب


ژورناليست دئيير کي، بؤلگه ده کي کورد آزليغي ايسه ايکي گون اولکي آتيشمايا اعتيراض اولاراق بير نئچه ائوي و آوتوموبيلي يانديريب.







«پوليسله قارشيدورمايا گئديرلر. سون ايکي گونده اورميه نين کورد آزليغي ياشايان بؤلگه لرينده دوروم آغيردير. رسمي منبع لرسه بو سحر - اييولون 23- ده خبر وئريبلر کي، آرتيق 15 نفر پژاک ياراقليسي حبس اولونوب…»


آزادلیق رادیوسو


http://www.azadliq.org/content/article/1785070.html


Urmiyədə silahlı münaqişə etirazlara səbəb olub


Şahnaz Bəylərqızı


Kürdlər atışmaya etiraz olaraq bir neçə evi və avtomobili yandırıbİranda, Urmiyə şəhərində azərbaycanlılar ostandarın inzibati binası qarşısında etiraz aksiyası keçirməyə hazırlaşırlar. Səbəb son həftə ABŞ və Avropa ölkələrinin terrorçu təşkilatlar siyahısında olan PKK/PJAK qrupunun yaraqlıları ilə polis arasındakı atışma, bundan sonra bölgədə gərginliyin artmasıdır.


Urmiyədə yaşayan jurnalist İsmayıl Cavadi «Azadlıq» radiosuna bu haqda danışıb.


«Urmiyədə PKK-nın İran qolu sayılan PJAK (Kürdüstan Azad Həyat Partiyası) ilə polis arasında atışma olub. Yaraqlılardan gizləndikləri evdən çıxıb təslim olmaları istənilib. Amma onlar tələblə razılaşmayıblar. Axşam saat 7-də başlayan atışma üç saat davam edib. Rəsmi məlumata görə, yaraqlılardan üç nəfər ölüb, bir nəfər həbs olunub. Amma qeyri-rəsmi mənbələr ölənlərin sayının yeddi olduğunu deyirlər. Bir başqa mənbə isə üç nəfər polisin də öldüyünü bildirir. Rəsmi məlumatlarda isə deyilir ki, qrup üzvlərindən üçü Türkiyədə yaşamış kürdlərdir. Onlar İran dövlətinə qarşı mübarizə aparıblar».


KCK-DƏN «EHTİYATLI DAVRANIŞ» ÇAĞIRIŞI


Silahlı mübarizə apardığını PJAK da gizlətmir. Qrupun veb-saytında onun hərbi «nailiyyətləri» barədə geniş məlumat verilir. Urmiyədəki insidenti Kürdüstan Demokratik Konfederasiyası (KCK) da pisləyib. Amma KCK terrora son qoymağa deyil, ehtiyatlı davranmağa çağırıb. Təşkilatın bəyanatında bildirilir ki, «İran dövlətinin daha çox sərhəd xəttində əməliyyatlar keçirdiyi zaman Urmiyədə münaqişəyə yol açmaq doğru deyil. Biz hərəkat olaraq bunu dəstəkləmədiyimizi qeyd edirik». KCK PJAK-ın davranışının araşdırılmasını və günahkarların məsuliyyət daşımasını istəyib.


PJAK NƏ İSTƏYİR?


«PJAK Qərbi Azərbaycanda İran dövləti əleyhinə savaş aparır. Onlar İranda yaşayan kürdlərin özgürlüyünü tələb edirlər. Bu da bölgədəki azərbaycanlılar arasında narazılıqla qarşılanır. Çünki onlar öz xəritələrində, nəşrlərində Qərbi Azərbaycanı Kürdüstan ərazisi kimi qələmə verirlər. Halbuki bu bölgədə yaşayan kürdlərin sayı çox azdır… PJAK-ın İran Azərbaycanının batı bölgələrinə iddiaları var. Bu məqsədlə son illər Urmiyədə, Urmiyədə iğtişaşlarSulduzda (Nəqədeh), Xoyda, Salmasda əməliyyatlar aparır, dövlətlə vuruşurlar».


BATI AZƏRBAYCAN MÜDAFİƏ KOMİTƏSİ


İsmayıl Cavadi deyir ki, PJAK-ın bu istəyi azərbaycanlılar arasında etirazla qarşılanır. Hətta gizli bir qurum - Batı Azərbaycan Müdafiə Komitəsi də yaradılıb. Cavadi deyir ki, son hadisədən sonra isə narahat olan azərbaycanlılar etiraz aksiyalarına hazırlaşırlar:


«Bu yaşananlar azərbaycanlıların şiddətli narazılığına səbəb olub. Urmiyə ostandarlığının binası qarşısında etiraz aksiyası keçirmək istəyirlər. Onlar dövlətdən terrorçulara təpki göstərməsini istəyirlər».


KÜRD AZLIĞI DA ETİRAZA QALXIB



Jurnalist deyir ki, bölgədəki kürd azlığı isə iki gün əvvəlki atışmaya etiraz olaraq bir neçə evi və avtomobili yandırıb.


«Polislə qarşıdurmaya gedirlər. Son iki gündə Urmiyənin kürd azlığı yaşayan bölgələrində durum ağırdır. Rəsmi mənbələrsə bu səhər - iyulun 23-də xəbər veriblər ki, artıq 15 nəfər PJAK yaraqlısı həbs olunub…». 25.07.2009

http://www.azadliq.org/content/article/1785070.html

0 Comments:

Post a Comment

<< Home