Wednesday, March 28, 2007


Kürdlər və Türklər

RASİM QARACA
azadyazarlar@yahoo.com
17-03-2007:

«Milli burjuvaziyanın yaranması üçün milli şuur və milli qeyrət olmalıdır» - hazırda Almaniya'da yaşayan, diyaspor nümayəndələrinin toplantısı münasibətilə bir neçə günlüyünə Bakı'ya gəlmiş, əslən Təbriz'dən olan alim Bəhruz Həqqi belə deyir. O taylı-bu taylı millətimizin sorunları haqqında danışarkən “milli burjuvaziya” qonusunda taxılıb qalmışıq. Nə üçün bizdə - istər o tayda olsun, istər bu tayda - milli burjuvaziya formalaşmayıb?

Bu sualın cavabına dayir hər birimizin öz ehtimalı var. Bəhruz bəyin qənaətinə görə, Fars və Rus rejimi bizi sındırmaqdan ötrü özəl siyasət aparıb, heç bir Şərq ölkəsində Azərbaycan'dakı kimi manqurtlaşma prosesi getməyib. Bunun səbəbini bizim, millət olaraq ayıq, savadlı olmağımızla izah edir, Azərbaycan düşmənlər üçün hər zaman təhlükə qaynağı olub, ona görə də burada istər elm sahəsində, istərsə biznes sahəsində milli şuura malik insanların irəli çıxmasına imkan verməyiblər; nəticədə oxumuşlarımız və pul sahibi insanlarımız ya Fars, ya da Rus qafalı insanlardır.

Bəhruz Həqqi'nin söylədikləri mənim düşündüklərimlə, bu günə qədər yazdıqlarımla ziddiyyət təşkil eləmir: milli düşüncə ən'ənəsi Quzey Azərbaycan'da 37-ci ildən e'tibarən tarixin baltasıyla kəsilir, bu ildən e'tibarən biz Azərbaycanlıyıq, tariximiz Farsların ətəyindədir, Türklər torpaqlarımızı talayan qəsbkarlardır və s. Milli düşüncə daşıyıcısı elm və sənət adamları sürgünlərdə, Rus qafalılar iş başındadır.

Bəhruz Həqqi Almaniya'da tanış olduğu Kürd mühacirlər haqqında söz açır. Kürdlərin milli şuuru bizimkilərlə muqayisədə daha yüksəkdir, Kürdlər təkcə İranda deyil, bütün dünyada bizdən daha yaxşı təşkilatlanıblar, bir Kürddən “hansı ölkədənsən” deyə soruşduqda bir qayda olaraq “mən Kürd'əm” cavabını eşidirsən. Kürd işadamı can-i könüldən öz millətinin azadlıq davasına bağlıdır, milli məsələ üçün pul xərcləməyə onu inandırmaq lazım deyil, o özü millət yolunda mal varlığından geçməyə hazırdır, çünki millətindən ayrılıqda bir həyat təsəvvür eləmir. Kürd burjuvası milli burjuvadır, bizimkilər kimi pulu xeyrat olsun deyə vermir, bizimkilər pul versələr belə, onu sədəqə kimi başlarına dolandırıb verirlər, bir iş qabağa getsin deyə yox, pul istəyən adam əl çəksin deyə verirlər.

Bax, millətimizin fəlakəti də bundadır. İş çətinə düşən kimi biz “Ərdəbilli” oluruq, “Təbrizli” oluruq, “mən Bakılıyla iş görmərəm” deyirik. Ancaq bir Kürd belə deyil. Əgər çox səmimi olsan, bir Kürd'dən “mən Suriyalıyam” və ya “mən İranlıyam” e'tirafını eşidərsən.

Nə üçün belədir? Soruma Bəhruz bəyin yanıtı maraqlıdır: biz tarixən əzilmişik, ancaq Kürdlər tapdanıblar, onların bir millət kimi oyanacağını heç bir dövlət gözləməyib, indi isə baxın, Kürdlər oyanıblar, öz milli kimliklərinə sahib çıxıblar, illərlə qullanılmamış potensiyal böyük bir selə çevrilib. Bu millətin nə Axundov'u olub, nə Üzeyir'i, nə Pişəvəri'si, nə də Məmmədəmin'i, bizim kimi dövlət qurmayıblar, öz dillərində oxuyub-yazmaq gələnəkləri yoxdur, ancaq bir şeyləri var: milli şuur.

Kaliforniya'dan yayınlanan «Günaz TV» Azərbaycan mühacirlərinin yeganə televizyonudur. Muqayisə üçün deyim, Kürdlərin bu cürə 20-yə yaxın telekanalı var. Hər dəfə, demək olar hər gün fədakar soydaşımız Əhməd Obalı'nın «Günaz TV» ekranlarından millətə üz tutaraq yardım istəməsini eşidəndə millətimiz adına xəcalətdən ölmək istəyirsən. Sayı 30 milyondan çox olan bu qırılmış millət bir televizyonu saxlaya bilmir. Halbuki «Günaz TV» millətin haqq danışan yeganə səsi və göstərən gözüdür.

Bugün İran'da millətlər öz milli müqəddəratlarını həll etməkdən ötrü mübarizə aparırlar. Sayıca ən çox olan Türklər muqayisə e'tibarilə ən pis təşkilatlanıblar. Ən yaxşı təşkilatlanan Kürdlər və Ərəblərdir, Türklər sonuncu sıradadır...

Nə üçün belədir?

0 Comments:

Post a Comment

<< Home